Hakaton la bagli musahibe
1. Uşaqlıq illəriniz və ilk maraq göstərdiyiniz sahələr barədə danışardınız. Hakaton dünyasına necə gəldiniz?
Uşaqlıq illərimə baxanda görürəm ki, məni formalaşdıran ən böyük güc valideynlərimin dəstəyi və qərar vermək azadlığı olub. Mən çox kiçik yaşlardan bəri seçim etməyi, öz yolumu müəyyənləşdirməyi sevirdim və ailəm bu prosesdə heç vaxt mane olmadı.
İlk böyük müstəqil qərarımı 5 yaşımda verdim. Fransız filmi izləyirdim və nəsə məni çox ilhamlandırdı. Bir gün valideynlərimə dedim ki, bir il əlavə bağçada yox, dərhal məktəbə getmək istəyirəm. Onlar sual vermədən, düşünmədən, səhəri gün məni məktəbə apardılar. Bir az sorğu-sualdan sonra 1-ci sinifə başladım. Bu, mənə göstərdi ki, əgər niyyətin güclüdürsə, qərarı fikirləşib sürətli verirsənsə, həyat sənə yol açır.
Başqa bir misal — 8-ci sinifdə oxuyanda Anadolu Liseyinə imtahana yalnız 3 gün qalmış müraciət etmək qərarı verdim. 600 şagird arasında 4-cü yerə çıxıb qəbul olundum. Geri dönüb baxanda görürəm ki, mənim motivasiyam heç vaxt yalnız bir sahədə mükəmməl olmaq deyildi. İstər idmanda — cüdo, futbol, istər fənlərdə — riyaziyyat, fizika, informatika, hər yerdə 1-ci olmağa çalışırdım. Marağım tək bir xətt deyildi — çoxşaxəli idi. Bu gün buna ingiliscə T-shaped mindset deyilir: bir sahədə dərinlik, çox sahədə genişlik.
Məni fərqləndirən xüsusiyyətlər çox erkən formalaşmışdı:
yaradıcılıq — çünki hər mövzunu daha maraqlı şəkildə öyrənmək istəyirdim
sürət — çünki qərarları tez verirdim və riskdən çəkinmirdim
kolaborativlik — çünki bildiklərimi paylaşmaqdan həzz alırdım, bilgi paylaşdıqca böyüyür
liderlik — çünki bir fikri insanlara başa salmağı və birlikdə nəticə əldə etməyi sevirdim
Düşünürəm ki, hackathon dünyasını sevməyim təsadüf deyil — orada uşaq yaşlarımdan daşıdığım bütün bu dəyərləri tapdım. Hackathonlar:
yaradıcılıq tələb edir — çünki qısa zamanda ideyanı tapmalısan
sürət tələb edir — çünki 12 saatda nəticə olmalıdır, real prototip
komanda əməkdaşlığı tələb edir — çünki fərqli insanlarla işləyirsən
liderlik tələb edir — çünki problemi izah etməli və effektiv həlli tapmalısan
Bəlkə də ona görə hackathonlar mənim üçün sadəcə yarış deyil, özümü ən real gördüyüm mühitdir. Orada heç kim kim olduğuna, hansı diplomun olduğuna baxmır. Yeganə meyar — ideyanın dəyəri və onu nə qədər tez, aydın və işlək formada təqdim edə bilməyindir.
Bu mənə uşaqlıqdan aldığım dərsi yenidən xatırladır:
“Vaxt itirmə, qərar ver, cəhd et və alınacaq.”
və ya: “Ağıllı düşündü, dəli vurdu çayı keçdi.”
Bu səbəbdən hackathonlar mənim həyatımda yeni təhsil modelinə çevrilib — bilik, sürət, komanda, liderlik və nəticə. Hər dəfə yeni insanlarla, tanımadığım alətlərlə, sıfırdan ideya qurub işləyən bir şey çatdırmaq — mənim üçün ən böyük motivasiyadır.
2. Hakaton dedikdə nə başa düşülür, onun mahiyyəti və hədəfi nədir?
Sizə bir ideya verilir… Xeyr, həm də verilmir. Sizə heç bir ideya verilmir.
Sizə komanda verilir… Xeyr, o da verilmir. Tanımadığınız insanlar verilir.
Və sizə alətlər verilir… Onları da daha öncə istifadə etməmisiniz. Və sizdən gözlənilir ki, 12 saat ərzində hamının istifadə edəcəyi real bir həll yaradasınız.
Və bunun adı qısa formada:
Hackathon: naməlum ideya + naməlum insanlar + naməlum alətlər → sürətli və faydalı həll.
Hackathonda uğurlu olmaq üçün aşağıdakı bacarıqlar önəmlidir:
“Niyə?” sualı — cavabları bilmək vacib deyil, doğru sualı vermək vacibdir.
“Bu problem niyə var?” deyən komanda ən yaxşı ideyanı tapır.
Hərtərəfli baxış — yalnız mühəndislik deyil, biznes və domain təcrübəsi bir böyük nəticəyə işləyir.
Sahiblik — 12–48 saatda mentor, menecer, məhsul sahibi və s. yoxdur. Məsuliyyəti sən götürürsən. Problem də sənin olur, təqdimat da. Həqiqi sahiblik burada formalaşır.
Sistemli düşünmə — zaman, resurs, komanda balansı ilə doğru və sürətli qərar vermək. Sistemli düşünən komanda ən real həlli tapır.
Kommunikasiya — ən yaxşı həll belə 3 dəqiqədə izah olunmursa, uğurlu ola bilmir. Hackathon sənə fikrini aydın, sadə və ilhamverici şəkildə təqdim etməyi öyrədir.
3. Hackathon tələbələrə nələri öyrədir, hansı bacarıqları təşviq edir?
Mən hackathonu hər zaman idman ilə müqayisə edirəm. İdmana baxın — qazanmaq üçün yalnız sürət yetmir. Orada proses, performans və nəticə var. Hackathon da eynidir. Aşağıdakı hədəflər mənim üçün davamlı üzərində çalışdığım istiqamətlərdir, daha uğurlu olmaq üçün:
1. Proses
İcazə verildiyi qədər böyük komanda qurun və komandadakı bacarıqlar və maraqlara uyğun olaraq tapşırıqları xəritələyənə qədər ideya müzakirəsi edin.
Kömək lazım olanda soruşun, mümkün qədər çox sponsor məhsullarından istifadə edin — adətən hackathon zamanı pulsuz imkanlar olur.
Logistika və araşdırma/təqdimat üzərində işləmək üçün ayrıca bir komanda üzvü olsun.
2. Performans
Həllə tələsməyin, sizi problemin başa düşülməsi və həllin həyata keçmə ehtimalına görə qiymətləndirəcəklər.
Parlaq, interaktiv bir UI hazırlayın.
Kod tərəfində istədiyiniz qədər “hack” edə bilərsiniz.
3. Nəticə
Hackathonu qazanmaq.
Yaxşı təcrübə yaşamaq.
Səhnədə təqdimat edərkən dostlardan xahiş edin ki, videoya çəksinlər — sonradan baxıb daha yaxşı olmaq üçün özünüzü analiz edə bilərsiniz.
Şəkil çəkin və LinkedIn, Twitter kimi sosial şəbəkələrdə paylaşın.
4. Müasir çağırışlar dövründə hackathonun rolu və əhəmiyyəti
Düşünürəm ki, hackathon artıq sadəcə bir yarış deyil — süni intellekt dövrünün gətirdiyi yeni təhsil modelidir. AI ilə dünyada innovasiya sürəti o qədər yüksəlib ki, klassik təhsil — kitab, qiymət, imtahan — bu tempə uyğun gəlmir. Real öyrənmə təcrübə üzərində, prototip üzərində, komanda üzərində baş verir. Hackathon bunu 12 saatlıq intensiv formatda tələbəyə yaşadır.
Bu sahədə hazırda dünya lideri Silikon vadisidir.
OpenAI, Google, Meta, NVIDIA kimi şirkətlərin məkanı olan bu ekosistem yalnız məhsul yaratmır, həm də tamamilə yeni təhsil mədəniyyəti formalaşdırır. Son 18 ayda Silikon vadisində 5000-dən çox AI tədbiri və 300-dən çox hackathon keçirilib. Mən real rəqəmin daha böyük olduğunu düşünürəm, çünki bir çox tədbirlər ümumi statistikaya düşmür.
Bu mədəniyyəti yalnız startup-lar yox, dünyanın top universitetləri də qəbul edib. Stanford, Berkeley, MIT, Harvard — hamısı tələbələr üçün davamlı hackathon seriyaları təşkil edir. Səbəb sadədir: tələbə problemdən başlayaraq, komanda ilə işləyərək, real prototip hazırlayaraq öyrənir. Bu, AI dövrünün tələb etdiyi “learning by building” modelidir.
Mənim üçün ən real nümunələrdən biri MIT-də Sundai Club oldu. Onlar hər bazar günü hackathon keçirirlər. Artıq 100-dən çox tədbir ediblər. Mən orada olduğum müddətdə ardıcıl iki həftə iştirak etdim. MIT və Harvard professorları öz son elmi məqalələrini bizimlə paylaşdılar və biz həmin mövzular üzərində real prototiplər hazırladıq. Link: https://www.sundai.foundation/about
Bay Area-da şəxsi favoritim isə AGI House hackathonlarıdır.
40 milyon dollarlıq bir evdə, bir qrup insan həftəsonu bir araya gəlir, yeni dostlar qazanır, həm sosial mühit, həm də elmi-texniki müzakirələr içində dəyər yaradır. İdeya qrafiki belədir: səhər AI müzakirəsi, günorta prototip, axşam demo. Link: https://app.agihouse.org/events
Bu model artıq dünya miqyasında yayılır. Azərbaycan da bu modeldən geri qalmamalıdır, çünki AI dövründə əsas bacarıq — sürətli öyrənmə, sürətli prototip, komanda işi və sistemli düşüncədir.
5. Hackathon təhsil sistemlərinə nə kimi yeniliklər və dividendlər qazandırır?
Hackathon klassik təhsili təcrübə əsaslı öyrənmə modelinə çevirir.
Bu model təhsil sisteminə 5 əsas dividend verir:
Praktik öyrənmə – tələbə problemi seçir, komanda qurur, 12 saatda real prototip yaradır.
Multidisiplinar bacarıqlar – mühəndislik + biznes + dizayn + təqdimat birlikdə işləyir.
Sahiblik və liderlik – məsuliyyət tələbənin üzərindədir, mentor və müəllim yoxdur.
Sürətli və doğru qərarvermə – məhdud vaxt yaradıcılığı, prioritetləşdirməni və risk idarəetməsini inkişaf etdirir.
Kommunikasiya – fikri qısa vaxtda sadə və aydın izah etmək bacarığı formalaşdırır.
6. Uğurlu hackathon layihəsi necə olmalıdır? Necə hazırlanmalıdır?
Mənim 8×8 qaydam var — 8 slayddan ibarət təqdimat və 8 addımda yaradılan prototip.
8 slayddan ibarət təqdimat:
Layihənin adı – Layihənin 1 cümləlik təsviri
Motivasiya – Bu problemi həll etməyə sizi nə vadar etdi
Problem – Əsas problemi qısa şəkildə xülasə edin
Problemin böyüklüyü – Problemin miqyası və təsiri
Həll – [data/insights] istifadə edərək [actions] həyata keçirdik və [nəticə] əldə etdik
Arxitektura – İstifadə olunan texniki arxitektura və əsas komponentlər
Komanda – Komanda üzvləri və onların rollarını qeyd edin
Linklər – Kod, slaydlar və varsa demo linkləri
8 addımdan ibarət prototip:
1. İdeya siqnalı (Idea Hook)
Siqnalı qəbul et:
Hazır ol, ideyalara açıq ol
Siqnalı səs-küydən ayır (signal vs noise)
Fikirdən əməliyyata keçid:
Siqnalları strukturlaşdırılmış, icra oluna bilən addımlara çevir
Sürətli iterasiya:
Qərardan əməliyyata, nəticəyə — qısa geribildirim dövrələri ilə irəlilə
2. ICP — Ideal müştəri profili (Define ICP)
Hackathon mövzusuna uyğun bir persona seç (müştəri, istifadəçi, şirkət):
Demoqrafik xüsusiyyətlər (kimdir?)
Firmoqrafik xüsusiyyətlər (şirkətin profili)
Psixoqrafiya (motivasiya və düşüncə tərzi)
Problemlər / “jobs to be done”
Tetikləyici hadisələr
PMF — uyğunluq (4R modeli)
İstisnalar (Anti-ICP)
3. Dəyər yaradılmasının 4R modeli
Revenue (Gəlir) — pul qazanmaq və ya xərci azaltmaq
Runtime (Vaxt) — vaxt qazanmaq və ya əməliyyatları sürətləndirmək
Risk (Risk) — xətaları, riskləri və uğursuzluq ehtimalını azaltmaq
Reputation (Reputasiya) — nüfuzu, etibarı və statusu yüksəltmək
4. İnformasiya axınının dizaynı
Model keyfiyyəti: aparıcı modellərin 90%-ı use-case-lər üçün kifayətdir
Prompt keyfiyyəti: struktur, ton, təlimatlar — modelin davranışını formalaşdırır
Kontekst keyfiyyəti: düzgün sənədlər, data və retrieval relevansı 10× artırır
Nəticə: mükəmməllik düzgün sistemi dizayn etməkdən gəlir.
5. Süni intellektin dizaynı
Doğru LLM seç
Agentin idarəetmə məntiqini təyin et
Əsas təlimatlar və funksiyaları müəyyən et
Yaddaş strategiyası qur
Agentə alətlər və API-lər əlavə et
Agent rolunu və əsas tapşırıqları müəyyən et
LLM-in xam cavablarını idarə et
Multi-agent sistemlərə keçid (advanced)
6. Miqyas dəyərləndirilməsi
Böyümə faktorları:
Bazarın ölçüsü
Paylanma sürəti
Yüksək marja
Şəbəkə effekti
Böyümə limitləri:
PMF çatışmazlığı
Operativ skalabiliklik
7. Məhsul istifadəsi
Məqsəd yalnız işləyən məhsul deyil:
sürətlə böyüyən
real istifadə halına oturan
hackathon günündən sonra da yaşayan produkt yaratmaqdır.
Amazon prinsipi: ucuz, etibarlı (keyfiyyət, real-time, təhlükəsizlik), sürətli (performans, istifadədə rahatlıq).
8. Sonda ən vacib hissə — fikrini 3 dəqiqədə, sadə, vizual və başa düşülən şəkildə izah etməkdir.
7. Siz il boyu müxtəlif ölkələrdə hackathon yarışmalarında iştirak edirsiniz. Hansı uğurlarınızı qeyd edə bilərsiniz?
Son iki ildə 60+ hackathonda iştirak etmişəm, bir çox birinciliklər əldə etmişəm və ən son AWS re:Invent-də seçilən 50 iştirakçıdan biri olmuşam.
Amma mənim üçün ən böyük uğur medallar deyil. Hər hackathonda 1% daha yaxşı olmaqdır — özümü daha dəqiq, daha sistemli və daha yaradıcı görmək.
Qələbə nəticədir, inkişaf isə prosesdir. Mənim üçün hackathon hər dəfə özümü yenidən kəşf etmək imkanıdır.
8. Ölkələrin bu yarışlara xüsusi önəm verməsi nə ilə bağlıdır? Hansı ölkələrdə hackathon yarışmaları daha çox kütləvi hal alıb?
Düşünürəm ki, bu gün hackathonlara ən böyük önəm süni intellekt dövrünün gətirdiyi sürət və rəqabət ilə bağlıdır. Dünya dəyişir və klassik təhsil, innovasiya prosesi bu tempə tam uyğun gəlmir. Hackathon isə sürətli öyrənmə və real nəticə modelidir. Buna görə ölkələr, universitetlər və texnoloji ekosistemlər bu formatı strateji alət kimi qəbul edir.
Hal-hazırda bu sahədə ABŞ liderdir — həm hackathonların sayına görə, həm də ümumiyyətlə tech və AI ilə bağlı tədbirlərin həcminə görə. Silikon Vadisi, San-Fransisko, Nyu-York kimi mərkəzlərdə demək olar ki, hər həftə hackathon, AI meet-up, build day və researcher workshop keçirilir.
Bir növ, hackathon sualın cavabıdır — əgər böyük ideyan varsa, cavabla yox, sualla gəlməlisən.
“Bu problem niyə var?” → hackathon bundan doğulur.
ABŞ-dan sonra Kanada, Almaniya, İsrail, Sinqapur kimi ölkələrdə də format kütləviləşib. Top universitetlər — MIT, Harvard, Stanford, Berkeley — tələbə hazırlığını artıq hackathon-based learning üzərində qurur.
9. İri şirkətlər hackathona niyə bu qədər çox diqqət yetirir?
Pandemiyadan sonra innovasiya dövrü aylardan həftələrə, həftələrdən günlərə endi. Hackathon bu yeni dövrə ən uyğun formatdır.
FAANG + NVIDIA, OpenAI, Salesforce kimi şirkətlər hər il minlərlə hackathon iştirakçısını müsahibəyə dəvət edir.
2023–2024-də Fortune 500 şirkətlərinin 36%-i ilə işə qəbul prosesi hackathon kanalı ilə baş tutub.
Netflix, Tesla, Meta daxili hackathonlarla 500+ yeni ideyanı test edib.
Google-un daxili hackathonlarından Gmail, AdSense, Maps kimi məhsullar çıxıb.
Süni intellekt isə bu keçidi daha da sürətləndirdi və yeni mühəndis mədəniyyəti formalaşdırdı.
2024-də qlobal hackathon iştirakçılarının 65%-i AI use-case qurub.
Generative AI ilə MVP qurulması 70% daha sürətli baş verir.
10. Azərbaycanda hackathon müsabiqəsi keçirilib. Tələbələrə nə tövsiyə edərdiniz?
Bu çox əladır. Tövsiyəm çox sadədir: hackathonu bir gün yox, başlanğıc kimi görün.
Hackathonda ən dəyərli şey mükafat deyil, insanlardır. Orada qazandığınız dostluqlar, komanda ruhu və ideyalar sizi irəli aparacaq.
Yarış bitəndən sonra layihəni tərk etməyin — onu açıq kodlu layihə kimi paylaşın və ya startap kimi sınayın.
11. Dostlarınızın bəziləri sizi “hackathonun əfsanəsi” adlandırır. Bu ada münasibətiniz necədir? Sizin üçün hackathon nə deməkdir?
Məncə, insan sevdiyi işə davamlı vaxt və zəhmət qoyursa, uğur qaçılmaz olur. “Əfsanə” adı xoşdur, amma mən bunu titul kimi yox, mənim ritmimə qoyulan etiket kimi görürəm.
Düşünürəm ki, məni digərlərindən fərqləndirən şans deyil — strategiyadır. Mən bunu sosial şəbəkələrdə də açıq paylaşıram: ideyanı necə seçirəm, problemi necə bölürəm, komandanı necə qururam və hər detala necə yanaşıram.
Mən başqaları ilə yarışmıram, özümlə yarışıram. 60+ hackathonda iştirak etsəm də, bu proses heç vaxt asanlaşmır — çünki hər dəfə yeni hədəflər, yeni dostlar və daha çətin problemləri daha az zamanda həll etmək istəyirəm.
Mənim üçün hackathon — özünü test etmək platformasıdır:
qısa zamanda problem seçmək, komanda ilə dəyər yaratmaq, fikrini 3 dəqiqədə təqdim etmək və hər dəfə 1% daha yaxşı olmaq.
12. Hədəfləriniz, planlarınız barədə nə deyərdiniz?
Gələcək planım hackathon təcrübəsini daha böyük təsirə çevirməkdir.
Bunun üçün hazırda açıq kodlu Prehacks layihəsi üzərində işləyirəm. İlkin məqsədim bu ilin sonuna qədər hackathonlarda işlədiyim 100 layihəni təqdim etmək və hər kəs üçün öyrənilə bilən real nümunələr yaratmaqdır.
Bir neçə həftə əvvəl biz artıq eksperimental olaraq aviasiya sahəsində hackathon təşkil etdik — top şirkətlərdən gələn mühəndislər və domain ekspertlərin iştirakı ilə. Format daha əyləncəli, fərqli və real problemin mərkəzində qurulmuşdu.
Düşünürəm ki, artıq növbəti ildə bu formatı və platformanı daha geniş kütləyə təqdim edəcəyik.




